Gələcəyi inşanın sosial aspektləri

26.01.2026

Dəyişən dünya düzəni və kövrək beynəlxalq sistem müasir cəmiyyətlərə təsirsiz ötüşmədiyi kimi geosiyasi qeyri-müəyyənlikdə gələcəyə dair strateji proqnozlaşdırmanın əhəmiyyətini sosioloji tədqiqatların diqqət mərkəzinə gətirir. Çünki cari reallıqda qeyri-müəyyənliyin dinamik vəziyyəti gələcəyin təməlinə təsir edəcək risk ehtimallarını özündə daşımaqdadır. Müasir alman sosioloqu Urix Bek müasir dövrün cəmiyyətlərini və onun problemlərini “Risk cəmiyyəti və refleksiv modernləşmə” nəzəri  qavrayış modeli çərçivəsində öyrənmənin əhəmiyyətinə toxunur. XIX əsrdə modernləşmənin feodal cəmiyyətlərini dağıdıb yerində sənaye cəmiyyətləri ilə əvəzlədiyini nəzərə alsaq, Bekin nəzəriyyəsi ilə postmodern dövründə Qərb cəmiyyətlərində risk toplumları sənaye cəmiyyətlərinin inkişafı nəticəsində ortaya çıxaraq bir növ yeni modernləşmə mərhələsinin əsasını təşkil edir. Refleksiv modernləşməni yeni başlanğıc, yeni bir nəfəs olaraq görən Bek, yaşadığmız dövrü modernliyin sonu deyil, başlanğıcı kimi qəbul edir və bu dövr iki mərhələdən ibarətdir. Refleksiv mərhələ sənaye cəmiyyətindən risk cəmiyyətinə keçid zamanı müxtəlif yollarla ortaya çıxan risklərin hələ insanların, cəmiyyətin və ya siyasətin diqqətini cəlb etmədiyi bir dövr kimi müəyyən edilir. Refleksiya mərhələsi isə artan və artıq qəbul edilən təhlükələrlə sənaye cəmiyyətinin özünü risk cəmiyyəti olaraq qəbul etmə və modernlik daxilində özünüqiymətləndirmə dövrüdür. Yeni formasiyanı özündə ehtiva edən bu proses bir çox başqa mütəfəkkirlər tərəfindən “postmodernlik”, “qlobal dövr” adlandırıldığı halda, Bek tərəfindən bu, “gec və ya yetkin modern dövr” (Late Modernity) olaraq tərif edilir. Paradoksal mahiyyət daşımasına baxmayaraq, nəzəriyyə dövrün çağırışlarına şüurlu modernləşmə yolu ilə cavab vermək üçün yeni ideyalar və perspektivlər  axtarışı məqsədi daşıyır. Məhz bu səbəbdəndir ki, ikinci modernlik adı verilən bu dövr cəmiyyət üçün yeni bir şans, seçim vəd edir. Risk toplumu sənaye cəmiyyətlərindən ayrı təsəvvür edilməsə də, modernləşmə nəticəsində köhnələn sənaye cəmiyyətlərini əvəzləyən sosial fenomen olaraq meydana çıxıb. Qloballaşmanın pik mərhələsində  geosiyasi risk və təhlükələrə qarşı həll yolları təklif etməklə təkcə bugünün deyil, həm də gələcəyin formalaşmasına nəzəri model yanaşması Bekin nəzəriyyəsinin əsasını təşkil edir. Başqa sözlə, elm və texnologiyaların şüursuz və məhdudiyyətsiz istifadəsinin sənaye sonrası cəmiyyətlərə yaratdığı risk və təhlükələrin önlənməsində xüsusi nəzəri yanaşmaların tətbiqi əhəmiyyəti ilə bir növ gələcəyin sosioxəritəsini hazırlamaq məqsədi daşıyır. Burada inkişaf etməkdə olan XXI əsrin sosial strukturunu və onun siyasi, sosial, iqtisadi, mədəni, texnoloji və elmi fərqlərini izah edərək mümkün yan təsirlər, risk və təhlükələr əhatə edilir. Risk cəmiyyətinin yaratdığı problemlər, təhlükələr, təhdidlər və onların sosial həyatın bütün aspektlərinə yan təsirləri “Refleksiv modernləşmə” vasitəsilə tədqiq edilir. Bu proses bilik əldə etmək və ondan düzgün istifadə etməkdən tutmuş, sorğu, araşdırma, dövlət siyasətinə töhfə ilə qərarqəbuletmədə iştirakçılığa kimi mühüm prinsipləri özündə ehtiva edir. Bir sözlə, modernləşmənin yeni mərhələsi şüurlu şəkildə müəyyən zaman çərçivəsində fərqli qərarlar qəbulu siyasətini zərurətə çevririr {1}.

Dünyada mövcud geosiyasi vəziyyət insanların sosial həyatlarına təsirsiz ötüşməsə də, qeyri-müəyyən dünyada insanlar gələcəyə dair bir ümid içərisindədirlər və ya yeni düzən axtarışındadırlar. Modern psixologiyada gələcəyi təxəyyül etmənin insanın motivasiya və davranışlarının anlaşılmasında kəsb etdiyi önəm Levin və Frankın pisxoloji zaman və gələcək zaman konsepsiyasına  əsaslanır{2}. Gjesmeye görə,  gələcək zaman insanın diqqətini məqsəd və hədəflərinə yönəldir və zamanla bu, şəxsiyyətin xarakterinə çevrilir. Çünki insanlar ehtiyaclarını gələcəkdə nail olmaq istədikləri hədəflər şəklində müəyyənləşdirirlər, ki, bununla da gələcək zaman perspektivi əldə edirlər. Elmi ədəbiyyatlarda  “gələcək zamana yönəlmə” (“future time orientation”) və “gələcək zaman perspektivi” (“future time perspective”) terminləri sinonim halında istifadə edilsə də, bəzi psixoloqlar bunların ayırd edilməli olduğunu {3} qeyd edirlər. Calster, Lens və Nuttinə görə, gələcək zaman perspektivi insanın fəaliyyətini gələcəyə yönəlik planlama bacarığı ilə, planlamanın nə dərəcədə uzunmüddətli dövrü əhatə etməsi, müəyyən zaman çərçivəsində hansı sıxlıqda  və nə dərəcədə real planlar qurması ilə bağlı istifadə edilməlidir {4}. Gələcəyə yönəlmə isə insanın düşüncə və davranışlarında seçdiyi zamana fokuslanması, başqa sözlə, ümumiyyətlə keçmişə, indiyə və gələcəyə yönəlik olması ilə bağlı istifadə edilməlidir. Gələcək gözləntilərin konsepsiyaları bu sahədə tədqiqat aparan Frank (1939) kimi psixoloqların erkən dönəmdə apardığı tədqiqatlara əsaslanır. Bu tədqiqatlarda gələcəyə yönümlülük onun konseptiv mahiyyəti, motivasiya və inkişaf funksiyaları fonunda üç əsas istiqamətdə nəzərdən keçirilir. Birincisi, gələcəyə yönümlülük və ya mümkün gələcək hadisələrin indiki zamanda reallaşmasıdır. İkincisi, gələcəyə yönümlülük sahəvi xarakterə malikdir və insanlar müxtəlif sahələrlə əlaqəli olaraq gələcək obrazlarını formalaşdırırlar. Üçüncüsü, bu sahələrin məzmunu şəxsi və ya sosial, real və ya ideal, reallığa və ya fantaziyaya əsaslana bilər.

Beləliklə, Dünya İqtisadi Forumu dövlətləri və şirkətləri bacarıqlara investisiya yatırımına təşviq  etməklə gələcəkdə qlobal iş gücünün inşasının vacibliyini qeyd edir. Ötən il dünya miqyasında 22 sənaye, 55 iqtisadiyyat üzrə 14 milyondan çox işçiyə malik 1000-dən çox şirkətin iştirakı ilə həyata  keçirilən qlobal tədqiqat layihəsi olan  “İşlərin Gələcəyi hesabatı”nda 2030-cu ilə qədər mövcud sahələrdə işləyənlərin ümumi bacarıqlarının 40%-nin dəyişəcəyi proqnozlaşdırılır. Bu fonda xüsusilə də suni intellekt, big data və kibertəhlükəsizlik kimi sahələrdə texnoloji bacarıqlara tələbat sürətlə artsa da, yaradıcı düşünmə, dayanıqlıq və çeviklik kimi insani bacarıqlar da kritik önəmini qoruyub saxlamaqdadır. 2030-cu ilə qədər ən sürətlə inkişaf edən bacarıqlar sırasında suni intellekt və big data, şəbəkələr və kibertəhlükəsizlik, texnoloji savadlılıq, yaradıcı düşünmə, dayanıqlılıq, uyğunlaşma, çeviklik, maraq və ömürboyu təhsil, liderlik və sosial təsir, biliklərin idarəedilməsi, analitik düşünmə və ekoloji məsuliyyət ilk onluqda yer alacaq. Bu fonda son iki ildə uzunmüddətli təlim strategiyalarından yaralanan işçilərin sayının artması bunu bir daha sübut edir. Dünya İqtisadi Forumunun 2025-ci il üçün “İşlərin Gələcəyi Hesabatı”na əsasən, 2025-2030-cu illər arasında qlobal əmək bazarlarında təqribi hesablamalara görə, 78 milyon iş yerinin artımı proqnozlaşdırılır {6}. Türkiyənin 2030-cu il Sənaye və Texnologiya Strategiyasında göstərilən məqsədlər həm Türkiyənin Milli Texnologiya Təşəbbüsü vizyonunu, həm də beynəlxalq rəqabətdə güclü oyunçu olmaq məramını əks etdirir. Belə ki, bu hədəflərə uyğun olaraq, Türkiyə 2030-cu ilə qədər əmək bazarına daxil olacaq 7,7 milyon gənci rəqəmsal və sosial bacarıqlarla təchiz edərsə, Dünya İqtisadi Forumunun “demoqrafik üstünlüyə malik ölkələrin böyümə imkanlarından yararlana biləcəyi” proqnozuna uyğun bir üstünlük əldə edəcək. Beləliklə, həm qlobal, həm də regional səviyyədə işçi qüvvəsinin transformasiyası təkcə texnoloji deyil, həm də sosial və institusional hazırlıq tələb edən çoxölçülü bir prosesdir.

Dünyada davam edən geoiqtisadi tərəddüdlərə və geosiyasi qeyri-sabitliyə baxmayaraq, qlobal nikbinlik göstəriciləri son 10 ildə 75% ilə 80% arasında dəyişməkdədədir. Uzunmüddətli perspektivdə 2025-ci ilə inamla bağlı ən yüksək nikbinlik göstəriciləri İndoneziya və Çində, ən aşağı göstəricilər isə Yaponiyda qeydə alınıb. Bununla yanaşı, Fransanın əksinə İndoneziya, Çin, Tailand kimi inkişaf etməkdə olan bazarlar ötən ilki iqtisadi artımlar fonunda gələcək qlobal iqtisadi perspektivlərə güclü inamlarını ifadə edirlər. Bununla yanaşı, qlobal ictimai rəydə 2025-ci illə bağlı şəxsi qərarlara dair gələcək planlama (75%), eləcə də zehni və fiziki (69%) sağlamlıq inkişafına dair gözləntilər fonunda özünüinkişafa artan maraq diqqətçəkən olmaqla yanaşı, özlüyündə mövcud qlobal qeyri-sabitliyə beynəlxalq ictimaiyyətin cavab reaksiyası da hesab edilə bilər{7}.

Beləliklə, davamlı qeyri-sabit qlobal düzəndə dünyanın bir sıra dövlətlərində sosial, siyasi sistemlərin zəiflədiyi, immiqrsiya ilə bağlı qlobal narahatlıqların artdığı bir dövrdə XXI əsrin yeganə qalib ölkəsi Azərbaycan yeni dövlət, millət quruculuğu və tarixi torpaqlarına Böyük Qayıdış sosial konsepsiyası ilə yeni formasiyada dayanıqlı dövlətçilik modeli təqdim edir. Şanlı Zəfər tarixi və Qarabağ qüruru ilə ucalan Azərbaycan xalqının dövlətin, cəmiyyətin və özünün gələcəyinə olan böyük ümidləri Sosial Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən sosioloji sorğularda da öz real əksini tapıb. Sorğunun nəticələrinə əsasən, iştirakçıların mütləq əksəriyyəti, yəni 81.4%-i öz gələcəyi barədə ümidlidir. 10.1%-i gələcəyi ilə bağlı hər hansı gözləntisinin olmadığını bildirsə də, 6.7%-i gələcəyi barədə ümidsizdir. Gələcəkləri ilə bağlı nikbin mövqe sahibləri arasında övladlarının gələcək həyatı, iş, karyera və digər istiqamətlərlə bağlı planlar quranlara da rast gəlmək mümkündür. Eyni zamanda, respodentlərin əksəriyyəti cəmiyyətin gələcəyi ilə bağlı nikbin mövqedə olmaqla yanaşı, bir sıra məsələlərlə bağlı, xüsusilə də təhsil, inkişaf və karyera imknaları, xaricdə yaşamaq, sosial həyat və mədəni fəaliyyətlər, söz və ifadə azadlığı, iqtisadi, siyasi və sosial imkanlarla bağlı əvvəlki nəsillərlə müqayisədə daha şanslı olduqlarını qeyd ediblər. Beləliklə, zəfər tarixinin qalib kimliyini daşıyan vətəndaşlar özünün və cəmiyyətin gələcəyinə böyük ümidlər bəsləyirlər. Zəfər dövrünün qalib millətinin bu sarsılmaz sosial inamı sayəsində dayanıqlı və yeni dövlət-vətən-millət quruculuğu ilə Azərbaycan bütöv və suveren hüdudlarında sülh şəraitində və təhlükəsiz həyat təminatı ilə regionun və dünyanın yeganə qurucu dövlətidir. Qələbə tarixinin qazandırdığı qalib milli kimlik müstəsnalığının bəxş etdiyi sosial inam bu gün beynəlxalq nikbinlik indekslərindən fərqli sosioloji reallıq, dövrün qlobal çağırışlarına və yad ideologiyalara qarşı mühüm təhlükəsizlik, dayanıqlılıq, sosial birlik fenomenidir.

 

Aygün Yusibova
Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.

İstinadlar:

1.    Ulrich Beck. World Risk Society. Cambridge: Polity Press, 1999.
2.    Husman, J, Lens, W. The role of the future in student motivation 1999.
3.    Gjesme, T. On the concept of future time orientation: Considerations of some functions’ and measurements’ implications. International Journal of Psychology, 1983.
4.    Calster, K. V., Lens, W. ve Nuttin, J. R. Affective attitude toward the personal future: Impact on motivation in high school boys. American Journal of Psychology, (1987).
5.    Zimbardo, P. G. ve Boyd, J. N. Putting time inperspective: A valid, reliable individual-differences metric. Journal of Personality and Social Psychology 1999. 
6.    Future of Jobs Report 2025,  
https://reports.weforum.org/docs/WEF_Future_of_Jobs_Report_2025.pdf 
7.    Positivity about how this year has gone highest since before the pandemic 
https://www.ipsos.com/en/ipsos-predictions-2025