Texnologiya inkişaf etdikcə mexanikləşən, makinalaşan insanın dəyərlər eroziyasını dayandırmaq ya da yavaşlatmaq nöqteyi-nəzərindən, xüsusən bu gün Süni İntellektin (Sİ) ontologiya – varlıq fəlsəfəsi əsasında yenidən təhlil edilməli olduğunu düşünürəm.
“Ontologiyadan müstəqil bir texnologiya yoxdur” ifadəsinin təməl texnologiya fəlsəfəsi olaraq dərk edilməsi essensial bir məsələdir. Burada vurğulanan ana fikir bir insanın varlıq fəlsəfəsinə baxışının onun aktlarına, apardığı tədqiqatlara, istehsal etdiyi texnologiyaya birbaşa sirayət etməsidir. İnsan varlığa necə baxırsa, toxunduğu hər şeyə də elə yanaşır. Bu hər ediləndə və ya hər səviyyədə eyni ölçüdə olmasa da, eksternallaşmasa da, ümumi olaraq insanın ondan tamamilə müstəqil davranması mümkün deyil. Bu, elm üçün də keçərlidir. Yəni, məqsədli şəkildə olmasa belə, insanın varlığa baxışı onun alt-şüurunda gömülmüş şəkildə (embedded) işləyir.
Sİ-nin konseptual işləyişi data kateqoriyasından müstəqildir. GPT tətbiqlərini ələ alaq: dil modelləri özlərinə yönəldilən sualları emal edərkən, istər riyazi bir məsələ olsun, istər kənd təsərrüfatı, istərsə də ədəbiyyat və s. sahədən asılı olmayaraq eyni əməliyyatı yerinə yetirirlər. Sİ-nin üzərində hərəkət etdiyi data ideal olaraq “Big Data” kriteriyalarına uyğun olmalıdır. Doğru alqoritmlər və emal ediləcək datanın keyfiyyəti Sİ-nin səmərəliliyinin artırılmasında şübhəsiz mühüm faktorlardır.
Burada Sİ-nin etdiyi əməliyyat təməl olaraq statistiki dil təxminləridir. Token(lər)ə ayrılan cümlələr emal edilərkən, bir sonrakı kəlimənin ən yüksək ehtimalla nə olduğuna əsaslanılaraq bir mətn formalaşdırılır.
İcra olunan proses üçün hər hansı data fərqliləşməsi olmadığına görə, etika və dəyərlər ilə bağlı mövzu da digərləri kimi eyni prosesdən keçməkdədir. “Pis” və ya “yaxşı” konseptləri, buna oxşar dəyər mühakimələri digər mövzular ilə eyni prosesə tabe edilir. Məsələn, məsum bir uşağı öldürmək dataların əksəriyyəti “pis” dediyi üçün pisdir. Beləliklə, data çoxluğu, dominant data əxlaqi ölçüləri müəyyən edir. Bir şəkildə əlçatan olan dataların çoxluğunda məsum bir uşağı öldürmək “yaxşı” olaraq səciyyələndirilsə, bu arxitektura onu yaxşı olaraq təsvir edəcək.
Geri çəkilib bir az uzaqdan baxdıqda, bir əxlaq fəlsəfəsi terminologiyası olaraq bu texnoloji arxitektura “subyektiv əxlaq” anlayışını əks etdirir. Bu texnologiyanı dizayn edən düşüncə modeli əxlaqın subyektiv dərkini Sİ-də əks etdirib. Bu, mövcudiyyətin naturalist\materialist qavrayışıdır. Çünki əxlaqi dəyərlər və Pifaqor teoremi eyni kateqoriyadadır və eyni mexaniki prosesə tabedir.
Sintetik bir mühitdə insan intellektinin sinir şəbəkələrinin işləyişinə oxşar modelin reallaşdırılması Sİ-nin meydana çıxmasına səbəb oldu. Bu, insanın intellekt yönünün makinalaşmasıdır (tam eynisi olmasa da). Amma insan sadəcə zəka ilə müəyyən olunur? İnsan(i) olmaq üçün zəka yetərlidirmi? Nail olunan mövcud mərhələdə insanlıq öz intellektinin oxşar bir versiyasını – bir anlamda, data emalı və müqayisələndirmə qabiliyyətləri – özündən kənar bir makinaya nəql etməyə nail olub. Lakin insani varlıq sadəcə bu aspekt ilə məhdudlaşmır. Fəzilət, əxlaq, vicdan kimi xüsusiyyətlər onun bu soyuq, mexaniki emal tərəfinə bir canlılıq qatır. Biz müəyyən dərəcədə eksternalizasiya etdiyimiz analitik tərəfimizi davamlı istifadə etməklə, məhz o yönümüzü gücləndiririk. Bu əslində mövcud texnologiyanın insan üzərində təsirinin nəticəsidir. Mexaniki, analitik ontologiyanın meydana çıxardığı nəticələr istifadə edildikcə insanı mexanikləşdirərək dəyişdirir. Makinalar insaniləşərkən, insanlar mexanikləşir. Bu kontekstdə, “iHuman” sənədli filminin afişasındakı cümləni xatırlamaq yerinə düşər: Birinci, biz texnologiyanı yaradırıq, sonra o bizi yenidən yaradır.”
Təsbit etdiyimiz çatışmazlığın hər hansı kateqorizasiya olmadan eyni emal prosesinə tabe olunduğunu nəzərə aldıqda, bu bizə problemin təməl həll yolunun ilk addımı ilə təmin edəcək. Dəyər yüklü, əxlaqi tərifləri subyektiv deyil, obyektiv əxlaqa görə distribusiya etmək ümdə vəzifə olmalıdır. Ətraf mühit yaxud tarixi proses deyil, təməl olaraq bir yaradılış (kreasional) kodlamasından qaynaqlandığını önə sürən bir perspektiv ilə hətta bu obyektiv əxlaq mövcud texnoloji arxitekturaya daxil edilməlidir. Fundamental perspektiv isə “ontologiyadan müstəqil bir texnologiya yoxdur” olmalıdır.
Artıq texnologiya sadəcə bir texnologiya deyil və Sİ ilə ontologiya arasındakı münasibət inkarolunmaz şəkildə aşkardır. Bu texnologiyanı olduğu kimi qəbul etmək əvəzinə, yeni alternativ konseptualizasiyalar ilə birlikdə yeni arxitektural və konseptual tədqiqatların texnologiya istehsalını biçimləndirməsi və ona bələdçilik etməsi (gələcəyimiz üçün) conditio sine qua non-dur. Mövcud texnologiya və texnoloji baxışın qaçılmaz nəticələrinə qarşı yeni texnologiya fəlsəfəsinin formalaşdırılması mütləqdir.