Kimliyə yanaşmada fərdlərin düşüncə, özünüifadə və özünü inkişaf etdirmə formalarının onların əsas və dəyişməz xarakteri olması anlayışı 17-18-ci əsrlərdə hakim fikir olmaqla yanaşı, sonradan bir sıra Qərb mütəfəkkirlərinin yanaşmalarında da əksini tapıb. Kimliyin ilk təsviri kimi bu anlayış ingilis filosof, fizik Jon Lokkun ona verdiyi “xatırlama, idrak və şüurlu olma” adlı tərifində yer alıb {1}. Bundan fərqli olaraq, Entoni Giddens kimliyi fərdin şəxsiyyətini və cəmiyyətin keyfiyyət xarakteristikasını müəyyən edən fərdi və kollektiv meyar əsaslı özünütəyin, özünüdərk hadisəsi adlandırır {2}. Kollektiv kimlikdə milli kimlik ideyası xüsusilə 18-ci əsr Monteskyö və J.J.Russonun əsərlərində millətə mənsubluğu, aidiyyəti ifadə edən anlayış olaraq əksini tapıb {3}. Dövlətlərin və millətlərin mövcudluq tarixində konkret məzmunla sabitlənməyərək özünüdərk hadisəsi olan milli kimlik quruculuğu milli dövlətlərlə əlaqəli təzahürünə görə xarakterikdir {4}. İnsanlıq tarixi boyunca mövcud olmuş milli kimliklərin inşa təməlləri 16-cı əsrdə atılsa da, ideoloji müstəvidə 19-cu əsrdən, sosial elmlərdə 20-cı əsrin başlanğıcından etibarən dəyər qazanmağa başladı. Mənəvi və sosioloji bir reallıq olan milli kimliyin inşasında tarixin gedişatından asılı olaraq müxtəlif faktorlar rol oynayıb. Mərkəzi və cənubi Avropada müstəqillik və siyasi birliklər, Qərbi Avropada inkişaf etmiş sosial-iqtisadi sistem, Yaponiyada iqtisadi və ideoloji birlik, Türkiyədə birinci dünya müharibəsindən sonra müstəqillik və milli suverenlik idealı bu ölkələrdə milli kimliklərin formalaşmasında rol oynayıb. Tarixin müxtəlif mərhələlərində din, dil, etnik mənsubiyyət və ideoloji əsaslarla şəkillənən Amerika kimliyinin 1965-ci ildə qəbul edilən “İmmiqrasiya Qanun”unun {5} təsiri ilə revizasiyası, yəni yenidən nəzərdən keçirilməsi müxtəlif kollektiv kimliklərin yaranmasına səbəb olub.
Cümhuriyyətin timsalında erkən itirilən dövlətçilik, müstəqilliyin bərpasından sonra tarixi yaddaşda işğal keçmişi Azərbaycanda milli kimlik quruculuğunun ideolojidən milli müstəviyə keçidlə bağlı inkişafına təsir göstərmişdir. Bu mənada, 44 günlük Vətən müharibəsi milli və kollektiv yaddaş tarixinin bütöv və suveren Azərbaycan reallıqlarına uyğun olaraq yenidən yazılmasının normativ əsaslarını formalaşdırmış oldu. Beləliklə, modern siyasi tarixində Azərbaycanın millət və dövlət quruculuğu həm də qalib xalqı vahid dəyər olaraq qəbul edən, onun suveren, milli-mənəvi hüquqlarını tanıyan yeni milli kimliyin inşası prosesi ilə tamamlanma sosial sifarişi qarşısındadır. Məhz bu səbəbdəndir ki, müharibənin milli şüurun oyanışında və tarixi irsin gələcək nəsillərə ötürülməsindəki töhfəsinin milli kimliklə birbaşa əlaqəsi XXI əsr elmi ədəbiyyatlarında maraq kəsb edən tədqiqat sahələrindən biri kimi aktualdır {6}. Amerikalı sosioloq, siyasətçi və tarixçi Çarlz Tillinin dövlətlərin formalaşmasında aparıcı “War made the state and the state made war”{7}” nəzəriyyəsinin real təsbitlərindən biri də məhz Vətən müharibəsinin yekunu fonunda Bütöv Azərbaycanda yeni dövlət və millət quruculuğu milli qavrayışının praktiki müstəviyə siyasi iradə göstərən hüquqi və empirik əsaslılığındadır. Dünya hərb yaddaşının dörd min illik tarixinə faktoloji realizmi və sistemli təsviri ilə “Müharibələr lüğətində” işıq tutan amerikalı yazar Corc Kon ideoloji bazisində dövləti “vahid” (entity), milləti “ruh” (identity) olaraq təsvir edərək müharibənin institusional dövlət quruculuğunun təkamül xəritəsində kəmiyyət əsaslı təsir effektini araşdırır və müasir dövr dövlət-millət quruculuğunun (state-nation building) tədqiqini vahid tamamlanma sosial reallığı ilə şərtləndirir. Bu sosial reallıq milli kimliyin dinamik xarakteri ilə də əlaqəlidir. Çünki coğrafi bütünlüyün təmini özlüyündə milli kimlik, millət sosial quruculuğunu da şətləndirir. Fransız tarixçisi Ernest Renan millət anlayışının subyektiv aspektlərinin üzərində daha çox dayanaraq hansı formada varoluşundan asılı olmayaraq onu qəhrəmanlıq və qələbələrlə dolu keçmişə malik mənəvi birlik olaraq xarakterizə edir{8}. Belə olan halda Azərbaycanın zəfər reallığında coğrafi mahiyyətindən ötə anlam ifadə edən milli tamamlanma hərəkatı özünəxas ideologiya çağırışı ilə milli müəyyənlik, obyektiv və hüquqi əsaslı bir aidiyyət sosiozərurəti qarşısındadır. Bu ictimai-siyasi gerçəklik, suveren, siyasi, hüquqi dövlətçilik təməllərinin milli mövcudluğunun dayanıqlılığına millətin yenidən doğuluşu ilə haqlı və təbiii cavab reaksiyasıdır, başqa sözlə, Azəbaycan xalqının milli yaradılış, millət olma yolunda tarixi quruculuğa sosioloji töhfəsidir. Məhz bu səbəbdəndir ki, ortaq siyasi, iqtisadi, mədəni, hüquqi dəyərləri bölüşən cəmiyyətlərdə milli şüurun və milli yaddaşın tətikləyicisi roluna görə milli kimlik yeni formasiyada da səciyyəviliyini qoruyub saxlamaqdadır.
XX əsrin əvvəllərində qlobal və regional arenada baş verən müharibələr fonunda, xüsusilə də çar Rusiyasının əsarətində olan xalqların azadlıq hərəkatı ilə yaranan milli ideyalar tarixin müxtəlif dövrlərində inkişaf xarakteristikaları ilə siyasi-ideoloji ədəbiyyatlarda Azərbaycan milli ideyasının, azərbaycançılığın təməl bazasının formalaşmasında da mühüm rol oynayıb. Buna baxmayaraq, məhz Azərbaycanda milli oyanış, milli özünüdərk prosesi ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti və siyasi iradəsinin nəticəsi idi. Üç əsrlik formasiyalardan sonra tarixində ilk dəfədir ki, ideologiyadan daha üst kimlik hadisəsi olan qalib və güclü Azərbaycançılıq iqtisadi, sosial, mədəni, siyasi, ideoloji anlamda məhz Prezident İlham Əliyevin memarı olduğu suveren və konstitusion bütöv, beynəlxalq səviyyədə legitim Azərbaycan hüdudlarında yeni dövlət-millət, milli kimlik quruculuğu ilə institutlaşır. Çünki dövlət-millət identikliyinin bütöv və qalib Azərbaycan simasında monizmi yeni quruculuq dövrünün gələcək ideoloji təməlini təşkil etməklə, milli dayanıqlılığın təmini baxımından siyasi-mədəni bir norma üstünlüyünə malikdir. Bu fonda, Entoni D. Smitin əhatə dairəsi və gücü baxımından milli kimliklərin digər motivlərə qarşı xüsusi dinamik xarakterinə dair iddiasını xatırlatmaq yerinə düşərdi {9}.
XXI əsr quruculuğunda milli kimliklərin həlledici rolunun artması onun tarixi konteksti və meyarı ilə bağlı olsa da, yeni formasiyada geosiyasi düzən, yeni beynəlxalq sistemə keçid dövrü, qlobal miqrasiya problemi ilə müasir cəmiyyətlərin çoxmədəniyyətliliyə transformasiya reallığını nəzərə aldıqda, yalnız öz hüdudları ilə məhdudlaşmayan, inteqrasiya edə bilən və dövlətçiliyə xidmət edən siyasi-ideoloji məkan - yeni milli kimlik quruculuğu əsas təhlükəsizlik konspesiyası kimi zərurətə çevrilir. Belə olan halda Azərbaycanda qalib əsr inşaçılığında dövlətçiliyə xidmətdə uğurlu siyasət nümunəsi olan multikulturalizmin etnik-dini tolerantlıq fonunda və müxtəlif mədəniyyətlərə yaratdığı bərabər və həmrəy mühit dövrün kimlik siyasətində quruculuq idealının təməl bazisini təşkil edir. Bu mənada, müasir Avropa ictimai-siyasi fikir məkanında cərəyan bütün vətəndaşların həmrəy olduğunu (politics of universality) və hər kəsin özünəməxsus kimliyi ilə tanınmasını tələb edən (politics of difference) iki fərqli siyasət fomasına qarşı çıxan Çarlz Teylorun alternativi kimliyi əhatə edən universallıq siyasəti, yəni müxtəlif kimliklərin homogenləşməsini yolverilməz hesab edən mədəni müxtəlifliyin etik norma və dəyərlər çərçivəsində tanınma konsepsiyasıdır. Məhz bu səbəbdəndir ki, geosiyasi çağırışlara qarşı yeni davranış elementlərini özündə ehtiva edərək etik mahiyyəti etibarilə kimlik anlayışı bir növ modernizmin məhsulu hesab edilir {10}. Modern kimlik anlayışının nəzəri aspektini bir növ burada axtarmaq lazımdır.
Yeni qlobal düzəndə və dəyişən konfiqurasiyada kimlikləndirmənin yeni institusional əsaslarının formalaşdırılması zərurəti bu milli-mənəvi, mədəni qavrayış modelinin siyasi məkanlaşmasının və geosiyasi kontekstinin əhəmiyyətinə işıq salır. Müxtəlif tarixi-siyasi mərhələlərdə milli ideologiya diskurslarında suverenliyi, ərazi bütövlüyünü və ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyini əsas tutaraq müasir dövlət quruculuğunun inkişafını təşviq edən müstәqil identiklik modeli - Azərbaycançılıq ideologiyası dövlətin özü kimi qalib milli formasiyada yenidən doğulmaqdadır. XXI əsrin qalib kimliyində müstəqil, güclü, suveren və bütöv Azərbaycanda dövlət-millət quruculuğu bərabərində yeni formasiyaların qlobal çağırışlarını qabaqlayan adekvat təhlükəsizlik arxitekturasını da zərurətə çevririr. Bu humanitar missiya müharibədən sonra sülh dövrünün Ali Baş Komandanı, Prezident İlham Əliyevin andiçmə mərasimində aşağıdakı nitqli ilə geosiyasi məzmun kəsb etməklə, Azərbaycanın Türk dünyası ilə yüksəlişinin siyasi-hüquqi təşəkkülünün əsasını təşkil edir {11}.
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Beləliklə, tezislər yeni milli ideoloji konsepsiyanın meyarlarını formalaşdırmaqla, qalib formasiyada milli kimlik institutu quruculuğunun siyasi əsaslarına da zəmin yaradır. Çünki Azərbaycandan başlayan ümdə quruculuq Türk dünyası ilə sərhədlənən geosiyasi arelına görə universaldır. Bu mənada, Azərbaycanla yanaşı, bütün Türk dünyasının qurucu lider, Prezident İlham Əliyevin Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki nitqi nəinki XXI əsrin başlanğıcını, hətta növbəti yüz ili qabaqlayan elmi-konseptual, ideoloji əsaslara malikdir.
“Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca {12}”.
Göründüyü kimi, öz əsrində bir neçə yüz il sonrakı əsr quruculuğunun ideoloqu Prezident İlham Əliyev formalaşmaqda olan yeni beynəlxalq sistemi qlobal çağırışlara situativ cavab reaksiyası ilə, amma proaktiv həllediciliklə - yeni ideoloji dövlət quruculuğu ilə şəkilləndirir. Bir sözlə, kimlikləndirmənin mədəni süqutu və ya kimlik böhranı ilə üz-üzə qalan Qərb dünyası anti-böhran tədbirləri axtarışında olduğu bir vaxtda, Azərbaycan və Türkiyə mərkəzli türk dünyası yeni əsr quruculuğunun nəzəri əsaslarına dair yeni konsepsiya təqdim edir. Bu fonda gələcək dövr formasiyalara inteqrasiya meyilli konsepsiyanın mental nüvəsinin qurucu xarakteri dövlət - millət bütünlüyü, milli vahidliyi fonunda XXI əsrin yeganə qalib Azərbaycan kimliyinin regional və qlobal konyekturda ideoloji hakimiyyətinə mühüm siyasi əsaslar yaradır.

Aygün Yusibova
Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.
İstinadlar:
1. John Locke on Personal Identity: Memory, Consciousness and Concern
2. Giddens, A., Sutton, P.W. (2014). Sosyolojide Temel Kavramlar. (Çev. A. Esgin). Phoenix Yayınevi. Ankara.
3. National Identity Formationin Early Modern Europe, 1600-1815
4. Ross Poole. London Morality and Modernity U.K. & New York, U.S.A: Routledge, 1991.
5. Immigration and Nationality Act of 1965
6. Giddens, A. The Nation State and Violence. University of California Press, 1987.
7. Charles Tilly. Capital and European States, Cambridge, MA : Blackwell AD 990 - 1992.
8. Ernest Renan. Qu’est-ce qu’une nation, Paris, 1882, “Millet Nedir”, 1939.
9. Smith, Anthony D. National identity and the idea of European unity, 1992
10. Charles Taylor. Sources of the Self: The Making of the Modern Identity, 2012
11. Prezident İlham Əliyevin andiçmə mərasimində nitqi, 2024
12. Prezident İlham Əliyevin Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə nitqi, 2025