Soydaşlarımızın Qərbi Azərbaycandakı izləri e.ə. II yüzilliyə gedib çıxır. Qərbi Azərbaycan ərazisi e.ə. IV əsrə qədər Qafqaz Albaniyasının tərkibində olub. VIII-IX əsrlərdə ərəb xilafətinin hakimiyyəti altına düşən Qərbi Azərbaycanda islam dini sürətlə yayılıb, islam mədəniyyəti yerli əhalinin ədət-ənənəsinə və həyat şəraitinə ciddi təsir göstərib. XI-XIII əsrlərdə Səlcuqlu dövlətinin siyasi və strateji mərkəzinə çevrilən
bu bölgə XIII-XIV əsrlərdə Böyük Monqol imperiyasının işğalı nəticəsində böyük dağıntılara məruz qalıb. Qərbi Azərbaycan 1410-1468-ci illərdə Qaraqoyunlu, 1468-1501-ci illərdə Ağqoyunlu, 1501-1736-cı illərdə isə Səfəvilər dövlətinin tərkibində olub. Həmin vaxt böyük inkişaf yolu keçən Qərbi Azərbaycanda saraylar, məscidlər, karvansaralar, körpülər tikilib, əsl intibah dövrü yaşanıb. Lakin Nadir şahın ölümündən və Əfşarlar imperiyasının dağılmasından sonra tarixi Azərbaycan torpaqlarında bir sıra xanlıqlar yarandı. Bunlardan biri də İrəvan xanlığı idi. Çox əlverişli coğrafi mövqedə yerləşən İrəvan xanlığı Azərbaycanın qərb torpaqlarını əhatə edirdi, Osmanlı dövləti, Qacarlar və Gürcüstanla həmsərhəd idi.
XIX əsrin əvvəlində uğurlu siyasəti ilə seçilən İrəvan xanları xanlığın müdafiə qüdrətini daha da yüksəltmişdilər. Lakin həmin dövrdə xanlıq xarici təhlükə ilə üzləşmişdi və Rusiya imperiyasının hədəfinə çevrilmişdi. Hələ 1801-ci ildə xanlığa məxsus olan Pəmbək və Şorayel sultanlıqları Şərqi Gürcüstanla birlikdə ələ keçirilmişdi. Artıq 1804-cü ildən başlayaraq rus qoşunlarının İrəvan xanlığına qarşı hücumları intensiv xarakter almışdı. Həmin ildə Qacar şahzadəsi Abbas Mirzənin başçılıq etdiyi qoşunların yürüşü də xanlığın siyasi vəziyyətinə ciddi təsir göstərirdi. Həmin dövrdə Məhəmməd xan xanlığın müdafiəsini təşkil edərək rus və şah qoşunlarını geri oturda bilmişdi. XIX əsrin əvvəllərindən regionda siyasi maraqları olan böyük dövlətlər arasında hegemonluq uğrunda kəskin mübarizə başladı.
XIX əsrdə Cənubi Qafqazın Rusiya tərəfindən işağl edilməsindən sonra tarixi Azərbaycan torpaqlarında demoqrafik vəziyyət tədricən dəyişməyə başladı. İrəvan xanlığının süqutu yerli zadəgan azərbaycanlı ailələrin böyük hissəsinin doğma yurdlarını tərk etməsinə yol açdı. O dövrdə İrəvanda1807 azərbaycanlı, 567 erməni ailəsi vardı. Ərazidə ermənilərin daha da güclənməsi üçün 1828-ci il martın 21-də “Erməni vilayəti” təsis edildi.
XX əsrin əvvəllərindən başlayaraq böyük dövlətlər arasında dünyanı bölüşmək uğrunda mübarizə başladı. Bu mübarizədə əsas məqsədlərdən biri İrəvan xanlığı ərazisinə İran və Türkiyədən köçürülən ermənilərə dövlət qurmaq idi.1918-ci ildə bu dövləti “Ermənistan” adlandırdılar. Halbuki Ermənistan adlandırılan ərazi tarix boyu azərbaycanlılara məxsus olmuş, bu ərazidə Azərbaycan xalqı özünün dövlətçilik ənənələrini yaratmışdı. Həmin dövlətin sərhədləri şimalda Dağıstana, cənubda İrana, şərqdə Xəzər dənizinə, qərbdə Ağrı dağına qədər uzanırdı. Osmanlı hakimiyyəti dövründə İrəvan əyaləti haqqında iki dəfə məlumat xarakterli dəftərlər tərtib edilib. 1728-ci ildə tərtib edilmiş Müfəssəl dəftərə görə, İrəvan əyalətində İrəvanşəhəri, Qırxbulaq, Karpi, Maku, Xınzirək, Karni, Vedibasar, Dərəçiçək, Abaran, Göycə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzəmin nahiyələri, Şuragöl və Naxçıvan sancaqları adlanan inzibati ərazi vahidləri vardı. Bütün bunlar təsdiq edir ki, Qərbi Azərbaycan yüz illər boyu azərbaycanlıların yaşadığı qədim yurd olub.
Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində aparıcı xətt təşkil edib. Lakin XIX-XX əsrin əvvəllərində Rusiyanın mərkəzi əyalətlərindən rusların, İran və Türkiyədən isə ermənilərin bu ərazilərə köçürülməsi ilə əhalinin etnik tərkibi dəyişib. Rusiya-İran (1804–1813 və 1826–1828), Rusiya-Türkiyə (1828–1829 və 1877–1878) müharibələrindən və 1861-ci il kəndli islahatından sonra, Cənubi Qafqazda bu siyasət daha da sürətləndirildi. Belə ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri imzalandıqdan sonra, ermənilərin Qafqaza, xüsusilə də Azərbaycan torpaqlarına köçürülməsi bir daha rəsmiləşdirildi, qondarma “Erməni vilayəti” (1828-1848) yaradıldı, erməni köçkünlərin sayı mexaniki şəkildə artırıldı .
1813-cü ildən sonra rus sərkərdələrinin, həmçinin İranda Rusiyanın səlahiyyətli səfiri olan A.S.Qriboyedovun köməyi ilə İrandakı ermənilər Loristan vilayətindən Azərbaycanın Zəngəzur, Qarabağ, Vedibasar, Dərələyəz, Zəngibasar və Göyçə mahalına köçürüldü. Bununla da əhalinin etnik tərkibi dəyişdirildi . Qriboyedov bu haqda yazırdı: “Biz müsəlmanlara çox təsir etməyə çalışırdıq ki, indiki vəziyyətlə barışsınlar. Hətta biz onlara bildirirdik ki, ermənilər bu ərazidə çox qalmayacaqlar. Amma onlar təlaş içində deyirdilər ki, ermənilər bu torpaqları həmişəlik ələ keçirəcəklər” .
Qeyd etmək lazımdır ki, ermənilərin Cənubi Qafqaza köçürülməsi siyasəti hələ 1827-ci ildə A.S.Qriboyedovun rəhbərliyi ilə hazırlanmışdı. Bu hazırlıq prosesi çərçivəsində həmin ilin mayında general Paskeviç ermənilər arasında nüfuzu olan Lazarevi (Qazros Lazaryan) çağıraraq bu siyasətin uğurla başa çatması üçün onu hazırlıq işlərinə cəlb etmişdi. O, 1827-ci il oktyabrın 19-da Cənubi Azərbaycana səpələnmiş ermənilərin köçürülməsinə nəzarət etmək üçün bir neçə gün əvvəl ruslar tərəfindən ələ keçirilən Təbriz şəhərinin komandanı təyin edilmişdi. “Erməni vilayəti”nin yaradılması ermənilərin köçürülməsi prosesini daha da sürətləndirmişdi. Rus alimi Nikolay Şavrov öz əsərində həmin dövrün hadisələrini təhlil edərək belə yazır:“Biz Zaqafqaziyada rusları deyil, başqalarını məskunlaşdırmaqla müstəmləkəçiliyə başladıq. 1826-1828-ci illər müharibələrindən sonra, iki il ərzində 40 min İran ermənisini və 1828-1830-cu illər arasında 84 min Türkiyə ermənilərini, Gəncə və İrəvan quberniyalarında və Tiflis quberniyasının Borçalı, Axaltsike (Axaltsix) və Axalkalaki (Axalkalaki) rayonlarında ən yaxşı dövlət torpaqlarının olduğu ərazilərə yerləşdirdik. O, daha sonra yazırdı: “Məskunlaşmaq üçün 200 min desyatin dövlət ərazisi təsis edilmiş, 2 milyon rubl dəyərindəki şəxsi ərazi müsəlmanlardan satın alınmışdı. Ermənilər Gəncənin dağlıq ərazilərində və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdı. Rəsmi olaraq məskunlaşdırılan 124 min ermənidən başqa, qeyri-rəsmi köçürülənlərin sayı 200 min nəfəri ötürdü. Bu əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu rəsmi mənbələrin təsdiq etdiyi kimi, bu torpağın yerli əhalisi deyildi. Bizim tərəfimizdən köçürülüb məskunlaşanlardır” . Lazarev 1828-ci il martın 30-da İrandakı ermənilərə müraciətində deyirdi: "Orada, Şimali Azərbaycanda və keçmiş İrəvan xanlığı ərazisində siz xristianların məskunlaşacağı yeni vətən əldə edəcəksiniz. Görəcəksiniz ki, İranın müxtəlif əyalətlərinə səpələnmiş ermənilər bir yerə toplaşıblar. Tələsin! Zaman qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək və bundan sonra sizin köçünüz çətinləşəcək və daha sonra sizin təhlükəsiz köçürülmənizə məsuliyyət daşımayacağıq. Bir az itkiyə məruz qalsanız da, qısa müddətdə hər şeyə nail olacaqsınız, həm də əbədi ." Lazarev üç ay yarım ərzində ermənilərin deportasiyası ilə bağlı statistik hesablamalarında bildirir ki, İrandan tarixi Azərbaycan əraziləri olan İrəvan, Naxçıvan və Qarabağa ən azı 40 min nəfəri təmsil edən 8249 xristian-erməni ailəsi deportasiya edilib. O, öz hesablamalarında çar Rusiyası xəzinəsindən deportasiyaya 14 min manat qızıl, 400 manat gümüş xərcləndiyini də qeyd edib .
Deportasiya siyasətinə Lazarevdən başqa digər nüfuzlu ermənilər də rəhbərlik edirdilər. Bunların arasında ən fəallarından biri katolikos Nerses Aşdaragetsi idi. Çar Rusiyasının planında “Böyük Ermənistan” dövlətinin yaradılması ideyası yox idi. Onlar sadəcə ermənilərdən ibarət tampon zona yaratmaq istəyirdilər. Bunu anlayan katolikos Nerses Aşdaragetsi general Paskeviçin əmrlərinə tabe olmamağa başladı və ona sadiq olan xüsusi təyinatlı hərbi birləşmələr yaratdı. Təbii ki, Nersesin fəaliyyəti çar Rusiyasının planlarına uyğun gəlmir və o, 1828-ci ildə I Nikolayın əmri ilə sürgün edildi. Katolikos Nersesin sürgün edilməsi “Böyük Ermənistan” dövləti arzusunda olan ermənilərin ümidlərini söndürdü .
Ermənilərin İrandan Qərbi Azərbaycana köçürülməsi:
1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmurdu. Daşınan mülkü aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya haqqında özxoşuna sərəncam /vəkalət/ verilməsi üçün 5 illik müddət müəyyən edilmişdi.99 Polkovnik Lazarev xristianların Rusiya ərazisinə köçürülməsinin nəticələri haqqında qraf Paskeviç- Erivanskiyə 24 dekabr 1829-cu ildə yazdığı yekun hesabatlarda göstərir ki, köçürmə işlərinə 26 fevral 1828-ci ildə başlanmış və iyunun 11-də başa çatmışdı. Bu müddət ərzində 8249 xristian ailəsi (onlardan cəmisi 100-ə qədəri aysor ailəsi, qalanları ermənilər idi) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdü . 1829-1832-ci illərdə Erməni vilayətində kameral siyahıyaalma keçirilmişdi. Statistik məlumatlara görə, İrandan köçürülən ermənilər 366 ailə tərkibində 1715 nəfər İrəvan, 265 ailə tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə tərkibində 182 nəfər Ordubad şəhərlərində yerləşdirilmişdi. Köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində məskunlaşmışdı.
Ümumiyyətlə, İrəvan əyalətində 4599 ailə tərkibində 23568 nəfər, Naxçıvan əyalətində 2137 ailə tərkibində 10652 nəfər, Ordubad dairəsində 250 ailə tərkibində 1340 nəfər erməni yerləşdirilmişdi. Nəticədə “Erməni vilayətinə” 6949 ailə, yəni 35560 nəfər köçürülmüşdü. Əgər yeni təşkil edilmiş Erməni vilayətində müsəlmanların sayı 81749 nəfər (16078 ailə) və ermənilərin sayı 25131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürəndən sonra onların sayı 60691 nəfərə (11377 ailə) çatmışdı. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə qalxmışdı. İrandan köçürülən 8249 ailədən 6949-nun Erməni vilayətində yerləşdirilməsini nəzərə alsaq onda belə qənaətə gələ bilərik ki, qalan 1300 ailə Qarabağa və Zəngəzura köçürülmüşdü .
Türkiyədən ermənilərin Qərbi Azərbaycana köçürülməsi:
Qərbi Azərbaycana Türkiyə ərazisindən çox sayda erməni köçürülüb. 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində) aparılan siyahıyaalmanın nəticələrinə görə, vilayətin ərazisinə 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdü köçürülmüşdü. Gəlmə ermənilər Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və Göycə mahallarının 129 kəndində yerləşdirilmişdilər. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək distansiyasına köçürülmüşdülər. Gəlmələrin arasında 169 yunan və 963 erməni katolikləri (frankları) vardı.
Tarixi sənədlər göstərir ki, bu düşünülmüş, ardıcıl, məqsədyönlü proses olub. Rus tarixçisi İ.Şopenin kitabındakı faktlar da bunu təsdiqləyir. Müəllifə görə, 1828-1832-ci illərdə erməni vilayətində 1111 yaşayış məskəni olub ki, bunlardan da cəmisi 62 kənddə yerli ermənilər məskunlaşmışdı. 1069 kənddə isə azərbaycanlılar yaşayırdı . Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdi. Şörəyel bölgəsinin (Gümrü ətrafı - indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən köçürülən ermənilərdən ibarət olması haqqında Z.Balayan “Ocaq” kitabında yazır: “Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş və Bitlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan rayonunda (keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dən artıq yaşayış məskənindən türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar” Z.Balayan bu bölgənin əhalisinin bütünlüklə Türkiyədən gələn ermənilərdən ibarət olmasını qeyd etməklə, həmin ərazidə vaxtilə azərbaycanlıların məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur.
İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir. Həmin dövrdə ermənilərlə yanaşı, yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yerləşmişdi. 1834-cü ilin məlumatına görə İrəvan əyalətində Bayaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məksunlaşmışdı . Ələyəz dağının ətəyində bir sıra boşalmış türk kəndlərində də Türkiyədən gələn yezidi kürdləri yerləşdirilmişdi. Yezidi kürdləri 1839- cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. 1877-ci ildə onlar Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərində də məskunlaşmışdılar .
Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən bu kəndləri əhatə edən Arağats rayonu təşkil edilmişdi. Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək distansiyasının Alakilsə,Bayandur, Sisimədən kəndlərində və Gümrüdə yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişdilər.
Ümumiyyətlə, Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra Erməni vilayətinə (İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə) İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmi 25131 nəfər (4428 ailə) erməni yaşayırdı. Müharibələrin nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmişdilər .
İrəvan xanlığının ərazisi Rusiyanın ərazidəki hakimiyyəti dövrünə qədər 15 mahaldan ibarət idi. Lakin işğaldan sonra xanlığın 1832-ci ildə çap olunmuş inzibati bölgüsü haqqındakı məlumata dair qeydlərdən görünür ki, çar idarəçiləri İrəvan şəhərinin demoqrafıq vəziyyətini Türkiyə və İrandan köçürülən ermənilərin lehinə dəyişdirməyə çalışıblar. Buna baxmayaraq, o qeydlərdə İrəvan şəhərində yaşayan 41417 nəfərdən 17286 nəfərin müsəlman olduğu göstərilib .
Ümumilikdə, Qərbi Azərbaycandakı Azərbaycan toponimli 310 kəndin əhalisi ermənilər tərəfindən deportasiyaya məruz qalıb. Bütün bu faktlar azərbaycanlıların öz
doğma yurdlarından çıxarılması prosesinin 1828-ci ildən başlandığını bir daha göstərir.
Rusiya tərəfindən Qərbi Azərbaycan ərazisinə Qacar dövləti və Osmanlı imperiyasından çox sayda ermənilərin köçürülməsi və Azərbaycan kəndlərinin boşaldılmasına baxmayaraq, 1897-ci ilin statistikası əsasında hazırlanan sənədə görə azərbaycanlı əhalinin sayı faiz nisbətinə görə ermənilərdən üstün vəziyyətdə idi.

Qərbi Azərbaycana erməni köçü ərazinin demoqrafik vəziyyətinin Azərbaycanlı əhalinin əleyhinə dəyişməsi ilə nəticələndi. Rusiya-İran, Rusiya-Osmanlı müharibələri dövründə tarixi abidələrlə zəngin azərbaycanlıların yaşadığı 160 dan çox yaşayış məskəni dağıdıldı, talan edildi. Əhali məcburən öz yurdunu tərk etdi. Müharibədən sonra Rusiya tərəfindən xüsusi imtiyazlarla əraziyə köçürülən ermənilərin bütün istəkləri və ehtiyacları təmin olundu, onların ərazidə qalması üçün bütün imkanlar səfərbər edildi.
Müharibələrdən sonra geri qayıdan azərbaycanlı əhalinin torpaqları və mülkiyyəti üzərindəki hüquqları əllərindən alındı, onların doğma torpaqlarında yenidən məskunlaşması çün şərait yaradılmadı. Bütün bunlara baxmayaraq, əhalinin dini mənsubiyyətinə görə hazırlanan 1897-ci ilin statistikasında azərbaycanlı müsəlman əhalinin üstünlük təşkil etdiyi görünür . Qərbi Azərbaycan ərazisinə köçürülən ermənilər daha çox şəhərlərdə məskunlaşırdı. Bu ermənilərin şəhərlərdə saylarının azərbaycanlılara nisbətən çoxluq təşkil etməsinə təsir etdi. 1897-ci ilin statistik məlumatına əsasən quberniya şəhərlərində yaşayan 52627 nəfər əhalinin 33823 nəfərini ermənilər, 17113 nəfərini azərbaycanlılar, qalan hissəsini isə başqa millətlərə mənsub xalqlar təşkil edirdi .
Xarici dövlətlərin dəstəyi ilə getdikcə güclənən ermənilər silahlı terror təşkilatları yaradaraq azərbaycanlılara qarşı soyqırıma başladılar. Onların arasında 1890-cı ildə Tiflisdə yaradılan millətçi “Daşnaksütyün” təşkilatı xüsusi fəallığı ilə seçilirdi. Onlar qarşılarına yerli azərbaycanlıları öz tarixi torpaqlarından qovaraq bölgəni erməniləşdirmək, “Böyük Ermənistan” yaratmaq məqsədi qoymuşdular. Buna görə də 1905-1907 və 1918-1920-ci illərdə həm
Qərbi Azərbaycanda, həm də digər ərazilərdə azərbaycanlıların kütləvi soyqırımını həyata keçirmiş, xüsusi amansızlıqla etnik təmizləmə siyasəti həyata keçirmişdilər.
Əfqan Vəliyev
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
Ədəbiyyat Siyahı
Dünya Azərbaycanlıları: Tarix və Müasirlik. Bakı, 2009, s. 146
Aмpaли Иcмaилов, Taйны и явъ Apмянствa,«Myaллиь» нешрий,Бaкy, 2006. Cтp., 12,
Гpибoeдова А. C. Гope oт yмa. Пиcмa изаписки. Баку, «Maapиф», 1989. Стр.. 387.
Nikolay Şavrov, Новая Yгроза PуссКому Делу в ЗаКавКазъе: ПреДстояшая
PасПроДжа Мугенн ИнороДцам (Novaya Ugroza Russkomu Delu v Zakavkazie:
Predstoyashchaya Rasprodazha Mugani İnorodtsam), Moskova 2011, s. 63
Yaqub Mahmudov, İrəvan Xanlığı: Rusiya İşğalı və Ermənilərin Şimali Azərbaycan
torpaqlarına Köçürülməsi, Azerbaycan Milli Elmler Akademiyası Yayınları,
Bakı 2009, s. 386
Глинкa C. H. Пepeceпения apмянъ азepбaйджских переделы POCCИИ. M.,
1831, CT., 92
Nurcan Toksoy, Revanda Son Günler, Orion Yayınları, Ankara 2012, s. 30.
Глинка Н.С., Описания переселения армян Азербайджанских в пределы России, М.1831, səh. 98-114
Шопен И., Исторический памятник состояния Армянской области в
эпоху его присоединения к Российской империи, СПб 1852, səh. 636-642
Шопен И., Исторический памятник состояния Армянской области в
эпоху его присоединения к Российской империи, СПб 1852, səh. 636-642
Обозрение Российских владений за Кавказом в статистическом,
этнографическом, топогрфичееком и финансовом отношениях, СПб,
1836, II hissə, səh. 302-304.
Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünü əks etdirən
tarixi abidəsi. Sankt-Peterburq, 1852
Балаян 3., Оcаq, İrəvan, 1984, səh. 273
Обозрение Российских владений за Кавказом, СПб, 1836, IV hиссə,сəh. 270.
Материалы для изучения экономического быта государственных
крестьян Закавказского края, Tiflis, 1885, I cild, I buraxılış, səh. 4
Шопен И., Исторический памятник состояния Армянской области в
эпоху его присоединения к Российской империи, СПб 1852, səh. 636-642
Qiyasəddin Qeybullayev, Qədim türklər və Ermənistan, Azərnəşr 1992, s-50-54
Qiyasəddin Qeybullayev, Qədim türklər və Ermənistan, Azərnəşr 1992, s-50-54
LXXI Erivanskaya Quberniya, Peterburq, 1905, s 10-11
LXXI Erivanskaya Quberniya, Peterburq, 1905, s 14
LXXI Erivanskaya Quberniya, Peterburq, 1905, s 20