Xülasə
Azərbaycan Respublikasında urbanizasiya prosesi coğrafi mövqe, təbii resurslar və müxtəlif sosial-iqtisadi paradiqma dəyişikliklərinin təsiri altında formalaşan bir fenomendir. Ölkədə şəhərləşmənin tarixi inkişaf vektoru qədim İpək Yolu üzərindəki sənətkarlıq mərkəzlərindən başlayaraq, sovet dövrünün sənaye şəhərlərinə və müasir ağıllı şəhər konsepsiyalarına qədər böyük bir inkişaf yolu keçib. Hazırda, Azərbaycan əhalisinin 58,6%-i şəhərlərdə [2] yaşayır ki, bu da ölkənin demoqrafik strukturunun əsasən şəhər mərkəzli olduğunu göstərir.
Urbanizasiya proseslərinin tarixi dinamikası
Azərbaycanda urbanizasiya proseslərinin bir çox tədqiqatlarda, XIX əsrin 60–70-ci illərindən etibarən intensivləşdiyi göstərilir [5], [7]. Bu dövrdə iki mühüm amil şəhərləşməni sürətləndiriyi düşünülür:
Burjua islahatları: Kəndlilərin təhkimçilik hüququnun ləğvi nəticəsində azad olmuş işçi qüvvəsi kəndlərdən şəhərlərə köçməyə başladı. Təhkimçilik hüququnun ləğvi nəticəsində azad olan kəndlillərin iş tapmaq üçün şəhərlərə gəlməsi ilə nəticələnib. Bu da şəhər əhalisinin artmasına ciddi təsir göstərib [6]. Həmçinin, əmtəə-pul münasibətlərinin genişlənməsi kənd təsərrüfatını kapitalist sisteminə cəlb edib. Əhalinin təbəqələşməsi və iri təsərrüfatlar formalaşıb.
Sənaye çevrilişi: 1870-ci illərdə neft sənayesində iltizam sisteminin ləğvi və icarə sisteminə keçid "neft bumu"na səbəb oldu. Bakı bu dövrdə sürətlə böyüyərək beynəlxalq əhəmiyyətli sənaye mərkəzinə çevrildi [6]. Kapitalizm dövründə şəhərlərin inkişafının əsas mənbələrindən biri sənaye istehsalı olub. 1870-ci illərdən etibarən neft sənayesində iltizam sisteminin ləğvi və icarə sisteminə keçid Bakının sürətli inkişafına təkan verib. Bakıya həm Rusiyadan, həm də xaricdən kapital axını başlayıb. XIX əsrin sonlarında Abşeronda dünyanın ən iri neft rayonu olaraq formalaşıb.
Demoqrafik və infrastruktur göstəriciləri:
Coğrafiyaşünas P.P. Semyonov-Tyanşanskinin qeydlərinə görə, 1879-cu ildə Bakı artıq kiçik bir yaşayış məntəqəsindən 112 min əhalisi olan qlobal miqyaslı sənaye mərkəzinə transformasiya olmuşdu [6]. XX əsrin əvvəllərində urbanizasiya təkcə Bakı ilə məhdudlaşmırdı. Gəncə (60 min) və Şuşa (39 min) kimi şəhərlər də mədəni və inzibati mərkəz funksiyalarını yerinə yetirirdi. Lakin şəhərlərin iqtisadi rolunu möhkəmləndirən həlledici faktor nəqliyyat infrastrukturu oldu. 1883-cü ildə Bakı-Tiflis və 1900-cü ildə Bakı-Dərbənd dəmir yolu xətlərinin istismara verilməsi sənaye mərkəzlərini xammal bazaları ilə birləşdirdi. Dəmir yolu stansiyaları ətrafında yaranan fəhlə qəsəbələri sonradan böyüyərək müstəqil şəhər statusu qazandı [5].
Statistik müqayisə: Bu iqtisadi canlanma demoqrafik rəqəmlərdə öz əksini tapdı: 1897-ci ildə cəmi 12,2% olan şəhər əhalisi, sənayeləşmənin pik həddində – 1913-cü ildə (yəni 556 min nəfərdən ) 24%-ə yüksəldi. Lakin Birinci Dünya müharibəsi və siyasi kataklizmlər bu artımı dayandırdı. Və 1920-ci ildə şəhər əhalisi 27% (405,8 min nəfərə düşərək) azalaraq geriləmə dövrü yaşadı [5]. (Statistik məlumatlar şəkil 1.-də təsvir edilir).
Şəkil 1.

Azərbaycanın sovetləşməsindən sonrakı mərhələdə urbanizasiya kortəbii xarakterdən çıxarılaraq, mərkəzləşdirilmiş planlı iqtisadiyyatın tələblərinə uyğunlaşdırıldı. Bu dövründə başlıca diqqət respublikada neft, metal emalı, maşınqayırma, emaledici sənayenin, nəqliyyatın yenidən qurulmasına istiqamətləndi ki, bunların da əsas hissəsi şəhərlərdə toplanmışdı. Belə ki, 1930-cu illərin ikinci yarısında şəhərlərdə yeni sənaye müəssisələri – Xankəndində ipək kombinatı, Ordubadda baramaçılıq, ipəkçilik fabriki, Gəncədə toxuculuq, yağ-piy, pambıqtəmizləmə, yeyinti sənaye müəssisələri, Sabirabad, Əlibayramlı, Ağstafa, Noraşen (Şərur), Yevlax, Göyçay, Ucar, Quba, Qusar, Xaçmaz, Tovuz, Zaqatala, Şəki və s. yerlərdə kənd təsərrüfatı xammallarını emal edən yeyinti, yüngül sənaye müəssisələri, Bakıda, Gəncədə istilik-elektrik stansiyaları, Neftçalada yod-brom zavodu və s. fəaliyyətə başladı [5]. Gəncə şəhəri respublikanın ikinci sənaye mərkəzinə çevrildi.
Azərbaycanda şəhərlər şəbəkəsinin genişlənib inkişaf etməsində 1930-cu ildə aparılan inzibati rayonlaşmanın böyük əhəmiyyəti oldu. Belə ki, rayon mərkəzi olan şəhərlər inzibati, təsərrüfat, ticarət-paylayıcı, mədəni və s. funksiyaları yerinə yetirməyə başladı. 1926-cı ilin siyahıya alınmasına görə, Azərbaycanda 19 şəhər mövcud idisə, 1939-cu ildə onların sayı 25-ə çatdı. Bu dövrdə Xankəndi, Qusar, Kürdəmir, Laçın, Sabirabad, Xanlar, Qazıməmməd, Ucar şəhər statusunu aldı [6]. Daha sonra, qeyd etmək lazımdır ki, 1897–1970-ci illərdə respublikada urbanizasiya səviyyəsinin inkişaf tempi yüksək olub. Lakin sonrakı illərdə, xüsusilə 1980-ci illərdən etibarən bu proses zəifləyərək sabitləşib.
Müstəqillikdən sonrakı dövrdə şəhərlərdə məskunlaşma mənzərəsi
Müstəqilliyin bərpasından sonra Azərbaycanda urbanizasiya prosesi bazar iqtisadiyyatına keçid və regional münaqişələrin təsiri altında formalaşıb. I Qarabağ müharibəsi nəticəsində yaranan məcburi köçkün axınının təqribən 40%- yaxını Bakı və Sumqayıt şəhərlərində məskunlaşması Abşeron aqlomerasiyasının demoqrafik və sosial yükünü kəskin artırmışdı [6]. Hazırda, Azərbaycan Respublikasının müasir inzibati-ərazi quruluşu 64 rayon, 79 şəhər, 262 qəsəbə, eləcə də 4244 kənd yaşayış məntəqəsindən ibarətdir [8]. Yaşayış məntəqələrinin coğrafi paylanması və əhalinin məskunlaşması qeyri-bərabər xüsusiyyətlərə malikdir ki, bu da ölkənin ayrı-ayrı regionlarının inkişaf dinamikasını müəyyən edən həm təbii-coğrafi, həm də sosial-iqtisadi amillərlə əlaqədardır. 2021-ci il iyulun 7-dən etibarən ölkədə paytaxt Bakı və muxtar Naxçıvan iqtisadi rayonları da daxil olmaqla, 14 iqtisadi rayondan ibarət yeni iqtisadi rayonlar sistemi qəbul edilib. Bundan başqa, ölkənin bütün şəhərlərindən yalnız birində (Bakı) 500.000 nəfərdən çox əhali yaşayır. Yalnız dörd şəhərdə 100.000 ilə 500.000 arasında əhali yaşayır [10]. 70 şəhər ərazisindən başqa, əhalisi (əksər hallarda) 3000 nəfəri keçməyən şəhər və ya kəndlərdən ibarət 269 rəsmi şəhərləşmiş yaşayış məntəqəsi mövcuddur. Ən böyük şəhərlərdə sıxlıq hər kvadrat kilometrə təxminən 7000 nəfərdən 500 nəfərə qədər dəyişir. Ölkədə orta sıxlıq isə təxminən 117 nəfərdir. Ən çox əhalisi olan şəhər olmasına baxmayaraq, Bakının sıxlığı təxminən 1075-dir [10]. Ölkədə orta ölçüsü 3700 nəfər olan 1607 bələdiyyə var.
Paytaxt regionunun məskunlaşma və inkişaf göstəriciləri
Bakı şəhərinin məskunlaşma sistemi, Bakı daxilində 12 rayonun mövcudluğu və Sumqayıt və Xırdalan şəhərlərinin Bakı şəhər aqlomerasiyasına daxil olması səbəbindən özünəməxsusluğa malikdir. Bakı iqtisadi rayonu nəzərə alınmaqla, Bakı şəhər aqlomerasiyasının strukturu 59 yaşayış məntəqəsini əhatə edir. Bunlardan 27-sinin əhalisi 10.000 nəfərdən az, 32-sinin əhalisi isə 10.000 nəfərdən çoxdur [8].
Sosial-iqtisadi aktivlik disproporsional olaraq şəhər ərazilərinə, xüsusən də Bakı aqlomerasiyasına fokuslanıb:
Sənaye və ixrac üstünlüyü: Ölkə iqtisadiyyatı əsasən, Bakı və onun ətrafında cəmləşmiş neft-qaz sektorundan asılıdır. Statistik təhlillər göstərir ki, Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) 75%-dən çoxu, ixrac potensialının isə 90%-i məhz Xəzər hövzəsi və paytaxt regionu hesabına formalaşır [10].
Şəhər-kənd dispariteti: Sürətlə şəhərləşən ərazilərin "iqtisadi mühərrik" rolunu oynadığı bir şəraitdə, kənd təsərrüfatı və kənd ərazilərinin iqtisadi töhfəsi xeyli aşağıdır. Kənd yerləri ölkə ÜDM-nin 10%-dən azını, ixracın isə təxminən 4%-ni təmin edir [10]. Bu statistika onu göstərir ki, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi məhz sənayeləşmiş şəhər mərkəzləridir.
Bakı şəhəri sadəcə demoqrafik mərkəz deyil, həm də Cənubi Qafqazın ən böyük maliyyə habıdır. Paytaxtın bu müstəsna rolu beynəlxalq reytinqlərdə də öz təsdiqini tapıb. "FDİ Intelligence" tərəfindən dərc olunan "FDI Standouts Watchlist 2023" hesabatına əsasən, Bakı şəhəri investisiya cazibədarlığına görə dünya miqyasında 3-cü pillədə qərarlaşıb [3]. Bu göstərici ölkə investisiyalarının əksəriyyətinin Bakıya yönəldiyini və paytaxtın həyata keçirdiyi çoxşaxəli strateji transformasiya prosesinin uğurlu nəticəsi olduğunu nümayiş etdirir.
Statistika komitəsinin 2024-ci ildəki məlumatlarına əsasən, Cədvəl 1-də, Bakının ən sıx məskunlaşmış rayonu 1 km²-ə 21 920 nəfər əhali sıxlığı ilə Nəsimi rayonudur [9]. Bu göstərici şəhər üzrə orta sıxlıqdan 19,6 dəfə yüksəkdir. Ən aşağı göstərici isə 1 km²-ə 108 nəfərlə şəhərətrafı Qaradağ rayonu üçün xarakterikdir. Yasamal (8,68 dəfə), Nizami (8,29 dəfə), Xətai (8,23 dəfə) və Nərimanov (8,08 dəfə) rayonlarında qeydə alınan göstəricilər şəhər üzrə orta sıxlıq rəqəmlərini əhəmiyyətli dərəcədə üstələyir [8]. Şəhərin mərkəzi rayonları (Nəsimi, Yasamal, Nərimanov, Nizami) ərazi baxımından ən kiçik sahəni (hər biri 0.01 – 0.02 min km²) tutsalar da, sıxlıq göstəriciləri 9,000 nəfər/km² həddindən aşağı düşmür (bax, cədvəl 1). Bu, həmin ərazilərdə infrastrukturun və yaşayışın maksimum dərəcədə intensivləşdiyini göstərir.

Nəticə və proqnozlar
Tarixi dinamika baxımından əldə olunan nəticələr aşağıdakı kimi ümumiləşdirilə bilər:
XIX əsrin "neft bumu" ilə intensivləşən və Sovet dövrü sənayeləşməsi ilə möhkəmlənən urbanizasiya prosesi, müasir dövrdə Bakı aqlomerasiyasının mütləq üstünlüyü ilə nəticələnib. Azərbaycanın urbanizasiya trayektoriyası göstərir ki, ölkə sürətli kəmiyyət artımından keyfiyyət dəyişikliyinə keçid mərhələsindədir. 2050-ci ilə qədər şəhər əhalisinin payının 70%-ə çatacağı proqnozlaşdırılır [4]. Gələcək inkişafın uğuru regional mərkəzlərin gücləndirilməsindən, ekoloji problemlərin (hava çirkliliyi, su çatışmazlığı) həllindən və rəqəmsal idarəetmə sistemlərinin bütün ölkə miqyasında tətbiqindən asılı olacağı proqnozlaşdırılır [10]. Urbanizasiya meyllərinə təsir edəcək digər bir tendensiya isə son 20 ildə Azərbaycanda müşahidə olunan müsbət demoqrafik vəziyyətdir. Təxminlərə görə, əmək qabiliyyətli əhalinin payı artacaq, yeni yaradılacaq iş yerlərinin böyük hissəsi (təxminən 200 min) isə Bakı və digər şəhərlərdə cəmləşəcək.
Elnur Süleymanzadə
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı
Ədəbiyyat
1. Azərbaycanda 35 min məcburi köçkün qəzalı evlərdə yaşayır – https://baku.ws/social/azrbaycanda-35-min-mcburi-kockun-qzal-evlrd-yaayr-rsm
2. Azerbaijan Urban Population https://www.ceicdata.com/en/azerbaijan/population-and-urbanization-statistics/az-urban-population--of-total-population
3. Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb. https://www.taxes.gov.az/az/post/3241
4. COP29 President: Cities to house 70% of global population by 2050 https://www.azerbaycan24.com/en/cop29-president-cities-to-house-70-of-global-population-by-2050/
5. Əfəndiyev V., Nağıyev S. (2016). Geourbanistika, ali məktəblər üçün dərslik, “Bakı Universiteti” nəşriyyatı, səh 272.
6. Əfəndiyev, V. Urbanizasiya və Azərbaycanın şəhər yaşayış məskənləri (monoqrafiya). Bakı: Bakı Universiteti nəşriyyatı, 2002. – 397 s.
7. Qəribova E. Azərbaycanda urbanizasiya və daxili miqrasiya prosesinin kəsişməsinin sosial və demoqrafik mənzərəsi // Sosial Tədqiqatlar Jurnalı. – Bakı, 2021.
8. Nagiyev, S. G., & Bayramov, I. A. (2024). Economical and geographical problems of the development of the Baku agglomeration: The nexus of sustainable settlement and urbanization. Baku State University Journal of Earth Sciences and Environment, 1(4), 69–74.
9. State Statistical Committee of the Republic of Azerbaijan. (2024). Demographic indicators of Azerbaijan: Statistical bulletin. Baku. 2024. 618 p.
10. Uzun Yol: Azərbaycanda Davamlı Şəhərlərin Tətbiqi Çərçivəsinin Tətbiqi https://bakudialogues.idd.az/articles/long-way-ahead-applying-the-sustainable-cities-implementation-framework-in-azerbaijan-11-10-2024
11. CONOMICAL AND GEOGRAPHICAL PROBLEMS OF THE DEVEL-
12. OPMENT OF THE BAKU AGGLOMERATION: THE NEXUS OF SUS-
13. TAINABLE SETTLEMENT AND
14. CONOMICAL AND GEOGRAPHICAL PROBLEMS OF THE DEVEL-
15. OPMENT OF THE BAKU AGGLOMERATION: THE NEXUS OF SUS-
16. TAINABLE SETTLEMENT AND URBANIZAT