Yeni il bayramı üçün nə qədər büdcə planlaşdırılır? - Sorğu

23.01.2026

Sosial Tədqiqatlar Mərkəzi rəy sorğusu əsasında vətəndaşların yeni il üçün nə qədər büdcə ayırmağı planlaşdırdıqlarını öyrənib. Sorğu nəticələrinə əsasən, respondentlərin 21.9%-i yeni il bayramı üçün 100 manata qədər, 25.3%-i 100 manatdan 200 manata qədər, 19.1%-i 200 manatdan 300 manata qədər, 19.8%-i 300 manatdan çox büdcə ayırmağı planlaşdırıb. Respondentlərin 13.9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib, yaxud məlumat verməkdən imtina edib.

Sorğu nəticələrini respondentlərin orta aylıq gəlir məlumatları üzrə nəzərdən keçirdikdə məlum olur ki, orta aylıq gəliri minimum əmək haqqına bərabər olan hər dörd respondentdən biri yeni il bayramı üçün 100 manata qədər vəsait ayırmağı planlaşdırıb. Gəliri 301-600 manat intervalında olanların əsas hissəsi (28.1%) 100-200 manat, gəliri 601-900 manat intervalında olanların əsas hissəsi (39.1%) isə 300 manatdan çox vəsait ayırmağı planlaşdırdığını bildirib.

Ailə vəziyyəti subay olan təqribən hər üç respondentdən biri “100 manatdan 200 manata qədər” cavabını qeyd edib. Evli olanlar arasında hər dörd respondentdən biri bu cavab variantını seçib.

Həmçinin rəy sorğusunda iştirak edənlərin mütləq əksəriyyəti (98%-i) yeni il bayramını ölkə daxilində keçirməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.