İki böyük gücə dünya üzrə baxış

13.01.2026

“Pyu” Tədqiqat Mərkəzinin (Pew   Research   Center) dünya üzrə 24 ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, insanların Çinə nisbətən daha çox ABŞ-yə baxışı müsbətdir. Lakin bu fərq getdikcə aradan qalxmaqdadır. ABŞ-yə baxışların neqativləşdiyi, Çinə baxışların isə pozitivləşdiyi tendensiyası müşahidə edilməkdədir.

Sorğunun keçirildiyi ölkələr üzrə, orta göstərici ilə yetkin yaşlıların 49 %-inin ABŞ-yə baxışı, 37 %-nin isə Çinə baxışı müsbətdir. Səkkiz ölkədə Amerikaya baxışın olduqca müsbət olduğu görülür. Bu baxımdan İsrail xüsusilə seçilir. Adıçəkilən ölkədə, yetkin yaşlıların 83 %-inin ABŞ ilə bağlı rəyi müsbətdir. Çinin qonşuluğunda olan ölkələrin (Cənubi Koreya 61 %, Yaponiya 55 % ilə) daha çox ABŞ-yə müsbət baxışının olduğu görülür. Hindistanda isə respondentlərin beşdə birinin (21 %) Çinə, 54 %-nin isə Amerikaya baxışı müsbətdir.

ABŞ-nin qonşuluğunda, eləcə də Amerika qitəsində yerləşən ölkələrdə isə yetkin yaşlıların daha çox Çinlə bağlı rəyinin müsbət olduğu tədqiqatın önəmli nəticəsidir. Belə ki, Meksikada respondentlərin yarısından daha çoxu – 56 %-i, Kanadada 34 %-i, Argentinada isə 47 %-i Çinə müsbət baxır. 

Çinə müsbət baxışın ən yüksək göstəricilərinin üç orta gəlirli ölkədə (74 % ilə Kenya, 65 % ilə İndoneziya və 57 % ilə Cənubi Afrika) olduğu sorğunun nəticələri arasındadır.

Beşi Avropada olmaqla, sorğu keçirilən doqquz ölkədə Çin və ABŞ-yə baxışların göstəriciləri (neqativ olmaqla) bir-birinə yaxındır. Tədqiqatın aparıldığı əksər ölkələrdə son illərdə Amerikaya baxışların neqativləşdiyi, Çinə baxışların isə pozitivləşdiyi aşkar edilir. 

Məsələn, kanadalıların üçdə birinin (34 %) ABŞ və Çinə (34 %) baxışı pozitivdir. Lakin birinciyə müsbət baxanların göstəricisi 2024-cü ildən bu günə 20 % azalıbsa, Çinə baxışı müsbət olanlarınkı 13 % artıb. On yüksək gəlirli ölkə üzrə nəticələrə nəzər yetirdikdə, 2018-ci ildən etibarən ABŞ və Çinə neqativ və pozitiv baxanların göstəricilərinin bir-birinə yaxınlaşdığı, aradakı fərqin getdikcə qapandığı görünür.

ABŞ və Çin liderləri ilə bağlı rəylərə gəldikdə isə, 11 ölkədə D.Trampın dünya məsələləri xüsusunda doğru şeylər etdiyinə inananların göstəricisi yüksəkdir. Yenə məhz İsraildə respondentlərin 69 %-i Trampa, cəmi 9 %-i Çin lideri Si Cinpinə inanır. Avropa ölkələri arasında Çin liderinin dünya məsələləri barəsində doğru şeylər etdiyinə inananların daha yüksək göstəriciləri 37 % ilə Yunanıstanda, 34 % ilə Macarıstanda, 31 % ilə Britaniyada, 30 % ilə İtaliyada müşahidə edilir. Ən böyük fərqin Meksikada olduğu görülür. Belə ki, adıçəkilən ölkədə respondentlərin cəmi 8 %-i Trampa, dörd dəfədən daha çox göstərici ilə, 36 %-i Si Cinpinə inanır. Yaponiyada isə əks tendensiya mövcuddur. Belə ki, yaponların 8 %-i S.Cinpinin, 38 %-i Trampın dünya məsələləri barəsində doğru şeylər etdiyinə inanır. Fransada iki liderə müsbət baxış arasında (20 % Si, 22 % Tramp) ciddi fərq yoxdur. 

On yüksək gəlirli ölkədə ABŞ prezidentinə inam Çin liderinə inam ilə artıq bərabərləşib. 2024-cü ildə yetkin yaşlı alman respondentlərin 63 %-i Baydenə inanırdısa, 2025-ci ildə Trampa inananların göstəricisi bundan 18 % daha az olub. Eyni dövrdə Çin prezidentinə etimad göstərən almanların göstəricisi 17 %-dən 25 %-ə yüksəlib.

Ümumi olaraq, 2024-cü ildən bəri, (həmin vaxt prezident olan C.Bayden barəsində soruşulduqda) ABŞ prezidentinə inam göstəricisi 13 ölkədə aşağı düşüb və 6 ölkədə yüksəlib. Çin liderinə inam göstəricisi isə 16 ölkədə artıb, yalnız İsraildə azalıb. 2017-ci ildən bəri sorğunun hər il aparıldığı 10 ölkədə Baydenə olan orta inam S.Cinpinə olan inamdan daha yüksək idi. Lakin 2025-ci ildə Trampa (22 %) və S.Cinpinə (24 %) orta inam göstəricisi bir-birinə çox yaxınlaşıb, hətta Çin prezidentinə inam %-i daha yüksək olub. 

Sorğunun keçirildiyi ölkələrin yarısında  daha çox insan ABŞ-nin deyil, məhz Çinin dünyanın “top” iqtisadiyyatı olduğunu bildirir. Məsələn, 2023-cü ildə bu məsələdə bölünmüş olan Fransada respondentlərin 43 %-i Çin, 43 %-i də ABŞ-nin dünyanın ən güclü iqtisadiyyatı olduğunu bildirirdisə, 2025-ci ildə bu göstərici Çinin dünyanın lider iqtisadiyyatı olduğunu deyənlərin lehinə dəyişib, 49 % və 37 %.

ABŞ yoxsa Çin ilə güclü iqtisadi əlaqələr qurmağın mühüm olduğu soruşulduqda isə, 19 ölkədə respondentlərin ABŞ-ni prioritetləşdirdiyi müşahidə edilir. Yalnız Avstraliya, İndoneziya və Cənubi Afrikada yetkin yaşlıların mühüm hissəsi Çinlə güclü iqtisadi əlaqələrin qurulmasına üstünlük verir.

Məsələn, 2021-ci ildə Avstraliyada respondentlərin 52 %-i ölkələrinin ABŞ ilə, 39 %-i isə Çin ilə sıx iqtisadi əlaqələr qurmasını prioritet hesab edirdisə, 2025-ci ildə bu dəfə onların yarısından daha çoxu, yəni 53 %-i ölkələrinin məhz Çinlə sıx iqtisadi əlaqələr qurmasının prioritet olduğunu düşünür.

Tədqiqatın digər nəticəsinə görə, Avropa və Latın Amerika ölkələrinin əksəriyyəti Çindən daha çox ABŞ-ni öz ölkələrinə təhdid hesab edir. Fransa, Almaniya, İsveç, Niderland və Britaniyada ABŞ respondentlər tərəfindən (Rusiyadan sonra) ikinci ən çox adı çəkilən təhdid olub. İspaniyada isə ABŞ-nin hətta Rusiyadan daha tez-tez vurğulanan təhdidedici ölkə olduğu aparılan tədqiqatın nəticələri arasında yer alıb.

Avstraliya və Yaponiyada isə əksəriyyət ölkələrinə ən böyük təhdid olaraq Çini qeyd ediblər. 

 

Mənbə: https://www.pewresearch.org/short-reads/2025/07/15/views-of-the-us-have-worsened-while-opinions-of-china-have-improved-in-many-surveyed-countries/?_gl=1*1g1e5pp*_up*MQ..&gclid=Cj0KCQiAo4TKBhDRARIsAGW29bds55tpbPtrSHxDFbrgd6_8aE_-QZYO-aEIa__ElsP8q8wsuaduRm0aAkv0EALw_wcB&gbraid=0AAAAA-ddO9FGH8p3_FHSt2UFQB2P0URVx#how-global-views-of-trump-and-xi-have-changed-over-time