Bakıda “Şəhərsalma və uşaq hüquqları: Dünya Şəhərsalma Forumu (WUF13) kontekstində kompleks yanaşma” mövzusunda konfrans keçirilib.
Dünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycan Urban Kampaniyası, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhərsalma siyasətində uşaqların hüquqlarının nəzərə alınması, inklüziv şəhər mühitinin formalaşdırılması və beynəlxalq təcrübə məsələləri müzakirə olunub.
Konfransda çıxış edən UN-Habitat Azerbaijan-ın ölkə proqram rəhbəri Anna Soave sosial-urban inkişaf proseslərində uşaq hüquqlarının qorunmasının vacibliyini vurğulayıb və beynəlxalq yanaşmalar barədə məlumat verib.

Tədbirdə iştirak edən ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanda mövcud vəziyyət, gözləntilər və zəruri addımlar barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu istiqamətdə məlumat bazasının genişləndirilməsi və elmi tədqiqatların aparılması effektiv sosial-urban siyasətlərin hazırlanmasına töhfə verə bilər.
Konfransda Sosial Tədqiqatlar Mərkəzini ictimai əlaqələr üzrə sektor müdiri Aytən Babayeva təmsil edib. Tədbir millət vəkilləri, ekspertlər, gənc tədqiqatçılar və ictimai şəxslərin iştirakı ilə müzakirələrlə davam edib.

